Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidinin əziz xatirəsi yad olunub

21.10.2021

 Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Əzizağa Dadaşovun anım günü münasibəti ilə Şəhidlər Xiyabınını ziyarət edib.

Əvvəlcə torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərin məzarları ziyarət etdilərək üzərinə tər çiçəklər düzülüb. Sonra məktəbin kollektivi tərəfindən anım günü qeyd olunan şəhid Əzizağa Ramis oğlu Dadaşovun məzarı önünə gül çələngi və mərmər lövhə qoyulub.

Anım mərasimi şəhidin böyüyüb boya-başa çatdığı evin ziyarəti ilə davam edib. Müəllimlər evdə şəhidin adına açılan şəxsi guşə ilə tanış olublar. Onun ailə üzvüləri hər kəsə öz təşəkkürünü bildirib. Anası Həlimə xanım Əzizağa ilə bağlı xoş xatirələrindən danışıb və düşmənin məhv edilməsində rəşadət göstərən oğlu ilə qürur duyduğunu bildirib.

Kollektiv də öz növbəsində torpağı qanları ilə Vətən edən oğullar ilə fəxr etdiklərini və onların fəth elədiyi ən  yüksək, şərəfli şəhidlik zirvəsindən söhbət açıb. Torpaqlarımızın azad olunmasında şəhid olanlara Allahdan rəhmət, ailələrinə isə səbr dilənib.

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Ə. Dadaşov 1994-cü il iyulun 7-də Sumqayıt şəhər Corat qəsəbəsində anadan olub. 2000-ci ildə Sumqayıt şəhər 7 saylı tam orta məktəbin birinci sinifinə qədəm qoyub. Olduqca sakit təbiəti ilə seçilən Əzizağa hələ uşaqlıq illərindən zəhmətkeş və Vətənə bağlı olub. 3 yaşında ikən atasını itirən ailənin yeganə oğlan övladı, 14 yaşından əmək fəaliyyəti ilə məşğul olmağa başlayıb, anası Həlimə xanıma 3 bacının böyüməsində bir ata kimi dəstək olur.                                                                                         Əzizağa 2012-ci ilin iyul ayında Hərbi Xidmətə yola düşüb.

Sentyabrın 27-də Vətən müharibəsi başlanan gündən ön cəbhədə vuruşmağa başlayıb. Füzulidə, Ağdamda, Cəbrayılda döyüş yolu keçib. 15 oktyabr anası ilə son dəfə danışıb.                                                                                           16 oktyabr 2020-ci i tarixində Füzuli rayonunun Qarğabazar kəndi uğrunda gedən ağır döyüşlərdə yaralanaraq 26 yaşında şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.  QƏHRƏMANLAR UNUDULMUR!                                                                                                                                                 Sizinlə qürur duyuruq Vətən oğulları!