19.10.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Nümayəndəliyi 44günlük savaşın qəhrəmanı olan Şəhid Sənan Şahin oğlu Abdullayevin evini və məzarını ziyarət ediblər.
Kollektiv ailəylə həmsöhbət olub, övladlarının xatirələrini bölüşüb, öz sovqat paylarını onlara təqdim edib. Valideynləri də öz növbəsində şəhid oğullarını unutmadıqları üçün onlara öz minnətdarlığını bildirib.
S.Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Əslən Zəngilan rayonunun Ağbis kəndindən olan şəhidimiz 2005-ci ildə Nərimanov rayonu, Məzahir Məmmədov adına 37 saylı tam orta məktəbdə ilk təhsilə başlayıb. Həmçinin güləş, boks və qaydasız döyüş kimi idman növlərində naliyyətlər əldə edib.
2017-ci ildə N saylı hərbi hissədə Kəşfiyyat briqadasında hərbi xidmətə başlayıb. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi əsgər kimi "Təşəkkürnamə" və "Fəxri Fərman"-la təltif olunub, komandirləri tərəfindən seçilərək N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətini davam etdirib.
General-mayor Polad Həşimovun ölümü ilə sarsılan Sənan Cənab Ali Baş Komandan İlham Əliyevin səfərbərlik əmri verildikdən sonra könüllü olaraq hərbi komissarlığa müraciət edib. Ehtiyac olduğu təqdirdə xəbər veriləcəyi bildirilsə də, təkidlə onun cəbhə bölgəsinə döyüşə aparılmasını istəyib. 2020-ci il 30 sentyabr tarixində bu istəyinə nail olub. Döyüşə gedərkən üçrəngli bayrağımızı özü ilə aparan igid əsgər bayrağı Zəngilan rayonuna sancacağını bildirib.
Döyüş zamanı Füzuli istiqamətində irəliləyərək komandiri və döyüş yoldaşları ilə birlikdə 3 post alaraq düşmən hərbiçilərini məhv ediblər. Döyüş əməliyyatını layiqincə yerinə yetirən Sənan Abdullayev mühasirəyə alınmış döyüş yoldaşlarını qorumaq üçün öz canını sipər edib. 5 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə Şəhid olub. 20 noyabr 2020 -ci ildə II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Abdullayev Sənan Şahin oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.