01.04.2021
“Ən yaxşı qısa film” müsabiqəsinin
Ə S A S N A M Ə S İ
Müsabiqənin məqsədi
Müsabiqə istedadlı və yaradıcı şəxslərin aşkar edilməsi, onların müasir texnologiyaların üstünlüklərindən istifadə edərək öz ideyalarını geniş auditoriyalara çatdıra bilmə vərdişlərinin formalaşdırılması, bu yöndə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədini daşıyır.
Müsabiqənin şərtləri və keçirilməsi qaydası
Müsabiqə 01.04.2021– 14.06.2021-ci il tarixləri arasında keçirilir.
Filmlərin təqdim edilməsi üçün son tarix: 04.06.2021-ci il, saat 14:00
Hər bir iştirakçı aşağıda göstərilən şərtlərə uyğun olaraq hazırladığı qısa filmlə müsabiqəyə qoşulur:
Hər bir iştirakçı maksimum 1 qısa film təqdim edə bilər.
Qısa filmin müddəti 5 dəqiqədən artıq olmamalıdır.
Qısa filmin formatı MP4, görüntü keyfiyyəti HD (720p) və ya Full HD (1080p) olmalıdır.
Qısa filmə əlavə olunan musiqi(lər) müəllif hüquqları çərçivəsində edilməlidir.
Qısa filmin mövzuları:
Vətənpərvərlik, tarixi şəxsiyyətlərin həyat və yaradıcılıqları, mədəni inkişaf meyarları, maddi və qeyri-maddi mədəni irs, milli adət-ənənələrin təbliği, tarixi və bayram günləri, intellektual inkişaf, müasir texnologiyada mədəniyyətin rolu, sağlam gənclik, ədəbi-poetik mövzular (dahi şair və yazıçıların əsərləri, aid olduğu janrlar və s.)
Müsabiqəyə rəhbərlik
Müsabiqənin təşkili və keçirilməsi Sumqayıt Regional Mədəniyyət İdarəsinə həvalə olunur.
Qaliblər münsiflər heyətinin qərarına əsasən müəyyən edilir.
Müsabiqə 14.06.2021-ci il tarixində qaliblərin iştirak etdiyi təltifolunma mərasimi ilə (pandemiya şəraitinə uyğun) başa çatır.
Müsabiqə qaliblərinin mükafatlandırılması
Ən yaxşı qısa filmlər idarə tərəfindən müsabiqə şərtlərinə uyğun olan filmlərin arasından seçilərək müəyyənləşdirilir. Qalib olan qısa filmlərə görə qiymətli hədiyyələr və I, II, III dərəcəli diplomlar qısa filmin müəllifinə təqdim edilir.
Müsabiqənin maliyyələşdirilməsi
Müsabiqənin keçirilmə xərcləri (müsabiqə qaliblərinin mükafatları, diplomların hazırlanması və s. xərclər) Sumqayıt Regional Mədəniyyət İdarəsinin təsdiq edilmiş smetası əsasında ödənilir.