22.07.2020
145 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlanması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Cəmi 56 nömrəsi çıxan “Əkinçi” qəzeti Azərbaycan dilində xalq mətbuatının ilk təməl daşını qoyaraq Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.
Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet, jurnallar fəaliyyət göstərir. Azərbaycan jurnalistikası ermənilərin Qarabağda törətdiyi vəhşiliklərin bütün dünyaya çatdırılmasında böyük rol oynayıb.
Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradılıb.
Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradılıb, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görülüb.
1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir.
Azərbaycan mətbuatının özülü 145 il əvvəl sağlam əsaslarla - xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinə çıraq tutub.
Ölkədə ilk mətbu orqanın nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.