02.07.2020
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.
Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Daxili İşlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı kimi qeyd olunmağa başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti