15.06.2020
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Müstəqilliyin ilk illərində ölkədə
daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. Orduda da vəziyyət ağırlaşır,
fərarilik halları artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda
hakimiyyət boşluğu yarandı.
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin
ağır günlərində xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər
Əliyev iyunun 9-da Bakıya gəldi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq
toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.
1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin
sədri seçildi.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə
sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət
çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit
həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən
müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər
Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə
yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti