15.09.2017
Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli, 2961 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət proqramı"na və Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrinə əsasən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi artıq filmlərin nümayişinə başlayıb.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Cavad xan” filminin nümayişi ilə açılışı olan tədbirə Xalq şairi Sabir Rüstəmxanlı, tanınmış rejissor Rövşən Almuradlı və Sumqayıt Gənclər İdman Baş idarəsinin rəisi Mübariz Bəşirov qatılıblar.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qonaqları və tədbir iştirakçılarını salamlayaraq yeni layihə haqqında məlumat verib. O bildirib ki, "Azərbaycan və dünya kinomatoqrafçılarının istehsalı olan filmlər Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə nümayiş etdiriləcək. Hər gün 3 dəfə olmaqla (saat 11.00; 15.00; 17.00) nümayiş etdirilən filmlər arasında bədii, sənədli və cizgi filmləri yer alıb.
Daha sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan filmlərinin nümayişinin tədqirəlayiq hal olduqunu bildirib. Xalq şairi qeyd edib ki, "Cavad xan” filmi də daxil olmaqla insanlarda yurd, vətən, torpaq sevgisi aşılayan filmlərin nümayişi uşaqların və gənc nəslin şüurunda mühüm yer tutacaq.
"Film öz ömrünü yaşayan insan kimidir. Hər bir filmin qiymətini zaman verir” deyən "Cavad xan” filminin rejissoru Rövşən Almuradlı Sumqayıtın mədəni həyatının inkişafında belə tədbirlərinin kecirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbir Xalq Şairi Sabir Rüstəmxanlının "Ölüm zirvəsi” romanının motivləri əsasında Rövşən Almuradlının rejissorluğu ilə çəkilən "Cavad xan” filminin nümayişi ilə yekunlaşıb.
Qeyd edək ki, gün ərzində Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində "40-cı qapı”, Qubadlı rayon V.Əliyev adına Mədəniyyət Evində "Dolu”, Xızı rayon Altıağac qəsəbə Diyarşünaslıq evində "İkinci ömür", Şurabad qəsəbə Sənətkarlıq evində "Tütək səsi", Abşeron rayon Mədəniyyət Mərkəzində "Güllələnmə təxirə salınır", Şuşa rayon Malıbəyli kənd Mədəniyyət Evində "Azərbaycanın Milli Qəhrəmanları”, Zəngilan rayon Mədəniyyət Evində "Bizim Cəbiş müəllim” filmləri nümayiş olunub.