27.07.2017
Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazar Turgut Özakmanın “Ocaq” əsərinə daxili baxış keçirilib. Əsərin səhnə yozumu çox maraqla qarşılanıb. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Nənənin (əməkdar artistlər Fəranə Musayeva və Növrəstə Həşimova) xidmətçi çağırışı ilə başlayan tamaşada bir neçə dəqiqədən sonra məlum olur ki, özünü paşa arvadı zənn edən nənə xəyal buludlarının üstündə qanad çalır və hər kəs bu yalan ocağının altına köz qoymaqla nənə üçün oynayır. Rejissor əməkdar artist Firudin Məhərrəmov oyun içində oynu məharətlə qurub. Ata (əməkdar artist Rauf Ağakişiyev) çarəsizlik dənizində boğula-boğula saman çöpü axtarır, amma anlaya bilmir ki, saflığı və xəyalpərəstliyi onu uçuruma aparır. Əməkdar artist Rauf Ağakişiyev psixoloji nüansları ustalıqla təqdim edir.
Ana ( Xatirə Süleymanova və Sədaqət Nuriyeva ) rejissor tərəfindən hər kəsi birləşdirməyə çalışan , pərəm-pərəm düşmüş ailəni uçurumdan qoruyan güclü obraz olaraq göstərilir. Böyük oğul- Nihat ( əməkdar artist Cəəlal Məmmədov ) vecsizin biridir. Ortada yeyib qıraqda gəzir, saxta qayğıkeşliyini tez-tez nümayiş etdirir. Ortancıl oğul- Fazil işləyir, mənəvi və fiziki əziyyətlərin girdabında vurnuxur, amma acı həqiqəti söylədiyindən heç kimə xoş gəlmir. İstedadlı aktyorlar Oktay Mehdiyev və Habil Xanlarov Fazilin daxili iztirabları ilə zahirdən acidil olmağının vəhdətindən doğan faciəni məharətlə tamaşaçıya çatdırır Üçüncü oğul Özcan da hərdəmxəyal və vecsizdir. Obrazı canlandıran Şəmistan Süleymanlı və Amil rolun öhdəsindən gəlirlər. Evin qızı – Sevda ( Şəhla Məmmədova və İlahə Səfərova) fiziki qüsurludur. Evin sıxıntısından bezən qız sevgini çöldə arayır. Lakin yalnış seçim qızın xoşbəxtliyi tapmasına mane olur. Finalda nənə pərdəni açıb “paşam gəldi” sevinci ilə qışqırır. Bu xəbəri eşidən hər kəs sükut heykəli kimi yerində donur. Məhz burda quruluşçu rejissor – Firudin müəllimin rejissor traktovkası bəlli olur. Ümüdsüz olmayın, ümüdsüz yaşamaq düzgün deyil. Və “hər gecənin bir sabahı, hər qaranlığın bir işiğı var” mesaji verilir.
Qeyd edək ki, əməkdar artist Firudin Məhərrəmovun quruluşunda “Ocaq” tamaşası yeni mövsümdə tamaşaçılara nümayiş etdiriləcək.