Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaponiyanın Fujitsu şirkəti Sumqayıtda fəaliyyət göstərəcək

14.08.2017

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir.

Azərbaycandakı əlverişli investisiya imkanları, dövlətin yerli sahibkarlarla yanaşı, xarici iş adamları üçün yaratdığı hərtərəfli şərait ölkəmizə investisiya yatıran şirkətlərdə marağı son illərdə xeyli artırıb. Bu şirkətlərdən biri də Yaponiyanın Fujitsu şirkətidir. Şirkət gələcəkdə Azərbaycanda istehsal müəssisələrini açmağı qarşısına hədəf qoyub. Fujitsunun Azərbaycandakı nümayəndəliyinin və yeni mağazanın açılışında çıxış edən şirkətin ölkəmizdəki təsisçisi Məşhur Məmmədov bildirib ki, xarici investorları Azərbaycana cəlb edən əsas səbəb Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan köklü islahatlardır. O, şirkətin məhsullarının yüksək keyfiyyəti ilə seçildiyini deyərək Fujitsunun isitmə-soyutma sistemli kondisionerlərinə və digər məhsullarına Azərbaycanda olan tələbatdan danışıb, gələcək layihələrə toxunub. Qeyd edib ki, yaxın zamanda bu məhsullar Azərbaycan markası ilə həm Azərbaycan bazarı, həm də MDB ölkələri üçün istehsal ediləcək. Müəssisə Sumqayıtda fəaliyyət göstərəcək. 2018-ci ildə onun açılışı planlaşdırılır. İlk illərdə yaponlar kömək edəcəklər, sonra ancaq yerli mütəxəssislər çalışacaqlar.

Bu müəssisənin fəaliyyətə başlaması ilə şübhəsiz ki, “Made in Azerbaijan” brendi ilə ixrac edilən məhsullarımızın sayı da artacaq.

Yaponiyanın Azərbaycandakı səfirliyinin attaşesi Tosikiro Atakeya, şirkətin Türkiyə nümayəndəliyinin təmsilçisi Onho Toşiyasu və digər çıxış edənlər ölkəmizdə mövcud olan sağlam investisiya mühitindən danışıblar, bu tədbirin Azərbaycanla Yaponiya arasındakı iqtisadi münasibətlərin inkişafına təkan verəcəyini bildiriblər.

Fujitsu şirkətinin Türkiyə nümayəndəliyinin təmsilçisi Onho Toşiyasu deyib: “Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik biz xarici investorları buraya cəlb edir. Şübhəsiz ki, xarici investor hərtərəfli sabit olan ölkəyə sərmayə qoyur”.

Şirkətin yeni mağazasında müştərilərə yüksək keyfiyyətli kondisioner və digər xidmətlər təklif edilir.