07.02.2023
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları Azərbaycan Ordusunun kapitanı olan şəhid Samir Xaliq oğlu İslamovun ailəsini ad günü ərəfəsində ziyarət ediblər. Kollektiv qəhrəmanın ailəsi ilə görüşüb, onun haqqında geniş söhbət aparıb. Samir Xaliq oğlu İslamov 1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 50 saylı məktəbəqədər təlim müəssisəsində tərbiyə alıb. Ailədə 2 bacının 1 qardaşı olan Samir təbiətən çox sakit, diqqətli, mərd bir oğlan olub. 1989-cı ildə Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbə gedib. Orta məktəb illərində dərslərini əla oxuyan Samir hərbçi olmaq arzusu ilə yaşayıb. Bu arzu onu 1997-ci ildə C.Naxçıvanski adına hərbi liseyə gətirib çıxarıb. 2000-ci ildə liseyi bitirərək, Ali Hərbi Məktəbinə daxil olub. 2004-cü ildə "leytenant" rütbəsi ilə Ali Hərbi Məktəbini bitirib. Samir ailəli idi. Dörd övladı yadigar qalıb.
Azərbaycan Ordusunun kapitanı olan Samir İslamov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Tərtər rayonu Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəsur komandir həm də müharibədə əsgərlərə təlim keçib. S.İslamov oktyabrın 9-da Talış döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ölkə rəhbərinin Sərəncamına görə, Vətənin igid oğlu Samir İslamov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!