Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Anar Kərimov Sumqayıtda müəssisələrin fəaliyyəti ilə tanış olub

16.12.2022

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Sumqayıtda bir sıra mədəniyyət ocaqlarına baş çəkib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.

Səfər çərçivəsində Anar Kərimov 2019-cu ildə istifadəyə verilən Sumqayıt Muğam Mərkəzində və 2017-ci ildə yaradılan Bayraq Muzeyində olub.

Sonra nazir 1986-cı ildən fəaliyyət göstərən Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayına baxış keçirib. Qeyd edilib ki, 2011-ci ildə Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri zamanı Mədəniyyət Sarayının mövcud vəziyyəti ilə tanış olub, bu mədəniyyət ocağının əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib. 2013-cü ilin oktyabr ayında burada əsaslı təmir işlərinə başlanılıb və 2017-ci ilin sentyabr ayında tam başa çatdırılıb.

Sarayda Sumqayıtın musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestri, “Humay” xor kollektivi, “Buta” qızlar ansamblı və “Qafqaz” milli rəqs qrupunun ifaları təqdim olunub.

Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinə gələn nazirə məlumat verilib ki, müəssisə 1990-cı ildə fəaliyyətə başlayıb. Poeziya evi 2013-cü ildə daha yaxşı şəraiti olan binaya köçürülüb. Nazir burada yeni yaradılmış xalq çalğı alətləri orkestrinin üzvləri ilə görüşüb, kollektivin ifasında xalq və bəstəkar mahnılarını dinləyib.

Anar Kərimov Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, musiqi məktəbi 1976-cı ildə fəaliyyətə başlayıb, 2016-cı ildə təhsil ocağı üçün yeni bina istifadəyə verilib. Məktəbdə fortepiano, violin, klarnet, balaban, saz, tar, kamança, qarmon, nağara, xanəndəlik, vokal, rəssamlıq, xoreoqrafiya, xor dirijorluğu, nəzəriyyə ixtisasları tədris olunur, 902 şagird təhsil alır, 189 müəllim çalışır. Məktəbdə musiqi təhsili ocaqlarının şagirdlərdən ibarət orkestrinin ifası təqdim olunub.

Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinə gələn nazirə 1951-ci ildə yaradılan müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Səfər çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına da baxış keçirilib. Bildirilib ki, teatr 1968-ci ildə fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə teatrın 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Anar Kərimov mədəniyyət müəssisələrində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.