15.11.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi tərəfindən II Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi mayor Elçin Bayram oğlu Alıyevin anım mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov və digər məsul işçilər, YAP-ın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, mədəniyyət müəssisələrinin əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər. Öncə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib. Daha sonra şəhidin məzarı önünə tər qərənfillər düzülüb və ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin ailəsinə Allahdan səbr diləyiblər. Sonda qəhrəman anası çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!