Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağın tacı-Şuşa” adlı sərgi təşkil olundu

14.11.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı “Qarabağın tacı-Şuşa” adlı peşəkar rəssamların rəsm və dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təşkil edilib.

Sərgidə Sumqayıt, Şuşa, Xızıdan olan ümumilikdə 33 sənət adamının 100-dən çox rəsm, əl işləri və xalq-tətbiqi sənət nümunələri nümayiş olunub.

Sərginin keçirilməsində əsas məqsəd milli mənəvi dəyərlərimizi özündə yaşadan Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq və yetişməkdə olan gənc nəsillərə təbliğ etməkdir.

Sərgidə Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, şəhid anaları, müəssisə, təşkilat rəhbərləri və ziyalılar iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək, ilk növbədə böyük qələbəyə, zəfərə gedən yolda baş verən ictimai-siyasi proseslərin, beynəlxalq əhəmiyyətli lahiyələrin fundamentallığından bəhs edib. Şuşa şəhərinin Azərbaycan xalqının düşüncəsində milli məfkurədə hansı önəmli yerə malik olmasını vurğulayıb.

Milli Məclisin deputatı Müşfiq Məmmədli çıxışı zamanı yeni dünya nizamında çağdaş siyasi proseslerə təsir etmək qüdrətinə malik Azərbaycan dövlətinin düşünülmüş milli manefəyə yönəlik inkişaf strategiyasından danışaraq, dövlət başçısı İlham Əliyevin müdrik xarici siyasət konsepsiyasını vurğulayıb. Möhtəşəm qələbədən sonra bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında yeni mərhələyə uğurlu keçidi qeyd edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Zəfər Günü və Bayraq Gününün təntənəsi işığında Şuşaya həsr olunan sərginin keçirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib.

Yazıçı, dramaturq, kulturoloq Hafiz Ataxanlı yaranan hər yeni əsərin zamanın palitrasına rəng qatdığını və bu gün möhtəşəm sərgidə düzənlənən sənət nümunələrinin də qalibiyyət zamanı xidmət etdiyini bildirib.

Şəhid Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən şəhid anası Sürəyya Mehdiyevaya “Xarı Bülbül” nişanı və çiçək dəstəsi təqdim edilib. Tədbirin sonunda idarə rəisi sərgidə iştirak edən rəssam və sənətkarlara təşəkkürnamələr təqdim edərək, onlara uğurlar arzulayıb.

Sərgidə həmçinin Sumqayıt Musiqi kollecinin müəllimləri Könül Bəkirova və Şəms Əliyevanın rəhbərliyi ilə kamera ansamblının kollektivi və Şuşa Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Türkanə Bayramovanın rəhbərlik etdiyi “Buta rəqs” qrupu musiqi nömrələri ilə çıxış ediblər.