02.09.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi tərəfindən Bakı şəhərində yerləşən ŞəhidIər Xiyabanında I Qarabağ müharibəsi şəhidi Nadir Ərşad oğlu Bədəlov və 5 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları olan keçmiş rayon prokuroru Nizami Məsiməli oğlu Ağayev, rayon Polis şöbəsinin rəisi Evaris Sabir oğlu Paşayev, rayon prokurorluğunun müstəntiqi Əyyub Əli Vəliyev, rayonun xalq hakimi Sərdar Hüseynqulu oğlu Hüseynov, rayon polis rəisinin sürücüsü Xanlar Eldar oğlu Nuriyevin anım günü tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, keçmiş hərbiçilər, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlər Xiyabanında Şəhidlərin ruhuna dualar oxunub, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “Dəmir Yumruq” da birləşərək işğalçıya sarsıdıcı zərbə vurub. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazıblar. Daha sonra Vasili Əliyev adına Rayon Mədəniyyət evi və Mahmudlu Kənd Mədəniyyət evinin hazırladığı kompozisiya, şeirlər söylənilib. Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!