Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər doğuldu ki, yaşasın ana Vətən” adlı tədbir keçirilib

18.07.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi şəhidlərinə həsr olunan “Şəhidlər doğuldu ki, yaşasın ana Vətən” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, icra hakimiyyəti nümayəndələri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov Vətən uğrunda canından, qanından keçən bütün şəhidlərin xatirəsinin bizlər üçün daim əziz və müqəddəs olduğundan bəhs edib, şəhid valideynlərinə, qazilərə tədbirdə iştirak etdikləri üçün öz minnətdarlığını bildirib. Sonra söz şəhid ailələrinə, şəhid valideynlərinə verilib. Onlar şəhid övladları və yaxınları haqqında ətraflı məlumatlar verib, tədbirin təşkilində əziyyəti olan Xızı rayon nümayəndəliyinə öz təşəkkürlərini bildiriblər. Rayon qaziləri adından çıxış edən Vətən müharibəsi qazisi Kamran Baxışzadə 44 günlük Vətən müharibəsindən və müharibədə yaralanmağından ətraflı bəhs edib, şəhid ailələrinə səbr diləyib. Daha sonra çıxış edənlər torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi, xalqımızın təhlükəsizliyi uğrunda canından keçən, şəhid olan igidlərimizə Allahdan rəhmət, onların yaxınlarına səbr diləyiblər. Onlar qeyd ediblər ki, erməni daşnaqlarına qarşı ərazimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər həm dini nöqteyi-nəzərdən, həm də bəşəri məzmun baxımından şərəfli və müqəddəs bir yolun yolçuları olublar. Qəhrəmanlarımız daim ehtiram hissi ilə yad olunacaq, nəsildən-nəsilə nümunə göstəriləcəklər.

Sonda Xızı rayon Mərkəzi Kitabxanasının məktəblilərlə birgə hazırladığı vətənpərvərlik ruhunda şeirlərdən və şəhidlər haqqında məlumatlardan ibarət ədəbi-bədii kompazisiya nümayiş edilib, tədbir iştirakçıları şəhidlərin şəxsi əşyalarından, fotolarından və medallarından ibarət sərgiyə baxış keçiriblər.

Tədbir bitdikdən sonra qonaqlar şəhid ailələri ilə birlikdə rayonda yerləşən “Şəhidlər Xiyabanı”nı ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.