Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix Diyarşünaslıq Muzeyinin kollektivi şəhid ailəsinə baş çəkib

10.07.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivi Qurban bayramı ilə əlaqədar 44 günlük Vətən müharibəsinin şəhidi İmamalı Cəlil oğlu Hüseynovun ailəsini ziyarət edib.

Ziyarət zamanı şəhidin anası ilə şəhid İmamalının xatirələri haqqında danışılıb. Vətəninə, torpağına həmişə bağlı gənc olduğu söylənilib. Şəhidin döyüş yolu haqqında ətraflı söhbətlər aparılıb.

Muzeyin kollektivi şəhidin ailəsinə maddi yardım göstərib.

İmamalı Hüseynov 2012-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Dövlət Sərhəd Xidmətinin sıralarında "gizir" hərbi rütbəsində xidmət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan İmamalı Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvəlləri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmamalı Hüseynov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Mehdiabad qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra “Vətən uğrunda”,  “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!