Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayonunda şəhid Elçin Həsənlinin 29-cu doğum günü qeyd edilib

17.06.2022

Düşmən üzərində zəfər qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Elçin Vaqif oğlu Həsənlinin 29-cu doğum günü qeyd edilib.

Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər. İştirakçılar əvvəlcə Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarını ziyarət edib, əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının dövlət himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, hazırda işğaldan azad edilən dədə-baba yurdlarımızda böyük quruculuq işləri həyata keçirilir. Abşeron rayonu da bu quruculuq işlərinə öz töhfəsini verəcəkdir.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında soydaşlarımız çox yaxın zamanda evlərinə geri dönəcək və Qarabağda həyat yenidən canlanmağa başlayacaq.

Sonra çıxış edən şəhid E.Həsənlinin atası Vaqif Həsənli, anası Xatirə İsmayılova, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın əldə etdiyi qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan, igidlərimizin qəhrəmanlıqlarından danışıblar.

Şəhid ailələri ölkəmizdə onlara göstərən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Sonda ölkəmizin incəsənət nümayəndələrinin, Xırdalan şəhər 11 illik musiqi məktəbinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndirib.