06.06.2022
İyunun 4-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” mədəniyyət evi Vətən müharibəsi şəhidi Səmid Xoşbəxt oğlu Əliyevin mövlud günü ilə əlaqədar “Şəhidlik ən uca zirvədir” adlı tematik gecə təşkil edib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov, Corat Cümə məscidinin axundu Hacı Sahib Məmmədov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, şairə Esmira Günəş və şəhidin yaxın qohumları iştirak ediblər.
Əvvəlcə torpağımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar şəhid Səmid Əliyev haqqında ətraflı məlumat verib və videoçarx nümayiş olunub. Çıxış üçün söz Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadəyə, Corat Cümə məscidinin axundu Hacı Sahib Məmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” ictimai birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Corat qəsəbə 7 nömrəli orta məktəbin direktoru Təranə Haqverdiyevaya və şairə Esmira Günəşə verilib. Çıxış edənlər ən müqəddəs zirvə şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri ilə qürur duyduqlarını bildiriblər.
Tədbirin bədii hissəsində Şəhid Səmid Əliyevin döyüş vaxtı son dəfə anası ilə danışığı səhnə canlandırılıb. “Qönçə” xor kollektivi və bədii özfəaliyyət kollektivinin ifasında vətənpərvərlik ruhunda mahnılar səslənib.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin adından Ceyran Həsənova şəhidin anası Əsmər anaya gül dəstəsi təqdim edib. Əsmər ana çıxış edərək, ilk öncə ölkə başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, daha sonra tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.