18.05.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi və 26 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə şəhid Abdulla Hacı Əhməd oğlu Əhmədovun ailəsi ilə görüş keçirlib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhid Abdulla Əhmədovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbir musiqili kompozisiya ilə açılıb.
Sonra şəhid haqqında ətraflı məlumat verərək bildiriblər ki, 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olan Abdulla Əhmədov Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı, Heydər Əliyev Mərkəzinin direktoru və şəhidin ailəsi iştirak edib.
26 nömrəli məktəbin şagirdləri vətənpərvər ruhda şeirlər səsləndirərək tedbiri sonlandırıblar.
Şəhidin ailəsi çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğya görə ilk öncə ölkə başçısına minnətdarlığını bildirib, daha sonra tədbir iştirakçılarına öz təşəkkürünü edib.