10.05.2022
Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, “Məktəbli Liqası” Gənclərin İnkişaf və Karyera mərkəzinin Abşeron nümayəndəliyi, Abşeron Rayon Təhsil Şöbəsi, Abşeron rayon Heydər Əliyev Mərkəzi, Abşeron rayon Gənclər və İdman İdarəsi və “Consensus” İntellectual Center-in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Nə? Harada? Nə zaman?” adlı intellektual oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayan Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, İntellektual oyunun keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Sonra çıxış edən YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev və digərləri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra intellektual oyun üzrə yarışa start verilib. Yarışda hər komandanın tərkibində 5 nəfər olmaqla, 16 komanda iştirak edib.
Qeyd edək ki, yanvarın 22-də başlanan intellektual oyunun I mərhələsində Abşeron rayonunun orta məktəblərinin 37 komandası mübarizə aparıb.
Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən oyunun yekun nəticələrinə əsasən Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin “Fateh” komandası 19 xal toplayaraq I, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin “Zirvə” komandası II, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin “Zəfər” komandası isə III yeri qazanıb.
Sonda qaliblərə Gənclərin İnkişaf və Karyera mərkəzinin Abşeron nümayəndəliyi tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.