Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi anılıb

04.05.2022

Abşeron rayonunda Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Xüsusi Təyinatlı Qüvvələrin giziri Vüsal Mehdi oğlu Tahirovun anadan olmasının 25-ci ildönümü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarı ziyarət edilib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad ediib.

Bildirilmişdir ki, hər bir Azərbaycan oğlu kimi torpaqlarımızın işğalı ilə heç vaxt barışmayan Vüsal Tahirov da Vətən müharibəsi zamanı silaha sarılaraq cəbhəyə yollanıb.

Şəhidimizin keçdiyi döyüş yolundan, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşərək onların problemləri və qayğıları ilə maraqlanıb.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilən anım tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhidin ailə üzvləri və qazilər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.