29.04.2022
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilən tədbir keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, təhsil, səhiyyə kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri istedada malik həkim, istedadlı alim Z.Əliyevanın mənalı ömür yolundan bəhs edən qısametrajlı film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyevanın ruhu şaddır, çünki əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətimizin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Vətən Müharibəsində Zəfər qazanmış, 30 il işğal altında olan dədə-baba yurdlarımız düşmən tapdağından azad edilib. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Qarabağda böyük abadlıq-quruculuq işləri həyata keçirilməkdədir.
Sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, həkim oftomoloq Elnarə Hüseynova, Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev çıxış edərək akademik Zərifə Əliyevanın elmi fəaliyyətindən, gözəl ailə başçısı olmasından söz açıblar.
Sonda Sevil Əliyevanın müəllifi olduğu “Ana” mahnısı müğənni, Prezident təqaüdçüsü Amil Həsənoğlunun ifasında dinlənilib. Eyni zamanda nümayiş etdirilən bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.