18.04.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə tabe olan C.Cabbarlı adına mədəniyyət evinin kollektivi 2-ci Qarabağ Müharibəsi şəhidi Mehman Yusifovun ailəsini ziyarət edib.
Şəhidin xanımı həyat yoldaşı haqqında xatirələrini bölüşüb, göstərilən qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib. Kollektiv də öz növbəsində ailəyə maddi və mənəvi dəstəyini göstərib.
Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunda anadan olub. 1985-1996-cı illərdə Tovuz rayonunda E.Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun baş giziri olan Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlayan Vətən Müharibəsi zamanı Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Mehman Yusifov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Şəhidimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Mehman Yusifov ailəli idi. 3 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!