06.03.2022
Abşeron rayonunda şəhid analarının və həyat yoldaşlarının iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül çiçəkləri düzüb, xatirəsini ehtiramla anıblar.
Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan qadınının ictimai həyatına və fəaliyyətinə həsr olunan videoçarx nümayiş edildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda Azərbaycanın Birinci Vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmaqla şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, onların vətənpərvərliyin təbliğatçısı olduğunu vurğulayan icra başçısı bildirib ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 günə azad etməyi bacarıblar.
Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid leytenant Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi qəhrəmanı Qəzənfər Ağayev və şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik edib, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən söz açıblar.
Sonda tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.