Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Mədəniyyət Mərkəzində müşavirə keçirilib

01.03.2022

Dövrün tələbləri ilə ayaqlaşaraq, gənc nəslə yeni bilik və bacarıqları aşılamaq sürətlə inkişafa doğru açılan ölkəmiz üçün prioritet vəzifələrdən biridir. Mədəniyyət sahəsində cərəyan edən rəqamsal texnologiyaları mənimsəyərək, onlardan yaradıcı ifadə vasitəsi kimi istifadə etmək üçün günümüzün yeni imkanlarının araşdırılması və tətbiq edilməsi xüsusi əhəmiyyətə malikdir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron Rayon Mədəniyyət Mərkəzində musiqi məktəbləri nəzdində elektron musiqi üzrə təlimlərin təşkilinə dair müşavirə keçirilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev, Abşeron rayonu üzrə baş məsləhətçi İlham Manafov, musiqi məktəblərinin direktorları iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədii təhsil sahəsində çalışan müəllimlərin əməyinə dövlət səviyyəsində hər zaman diqqət və qayğı ilə yanaşıldığını, bu peşə sahiblərinə böyük hörmət bəsləndiyini vurğulayaraq, Azərbaycanda müasir mədəni mühitin müsbət tərəfə inkişafı, mədəni-mənəvi dəyərlərin, mədəni irsin qorunub gələcək nəsillərə düzgün çatdırmasının bədii təhsilin yüksək inkişafından asılı olduğunu, həmin missiyanın isə müəllimlərin üzərinə düşdüyünü qeyd edib.

Bildirib ki, müasir bədii təhsildə ilk baza təhsili alanlar, həm də gələcəyin müəllimidir və onların hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Bununla yanaşı bədii təhsildə müasir təlim metodlarının, innovativ texnologiyalarının tətbiqi ilə yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafına nail olunması mümkündür. Müasir təlim texnologiyalarına dair bilik və bacarıqlara yiyələnmiş gənclərin təhsil xidmətləri bazarında rəqabət qabiliyyəti yüksək olur. Bu bacarıqların düzgün tətbiq edilməsi isə daha ciddi məqamdır.

Mədəniyyət sahəsində beynəlxalq nüfuzlu ekspert, UNESCO Mədəniyyətinin Dəstəklənməsi Fondunun İnzibati Şurasının Prezidenti, Avropa Mədəniyyət Parlamentinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi Cahangir Səlimxanov elektron musiqi bacarıqlarının gənclər tərəfindən mənimsənilməsinin faydası və xüsusiyyətləri barədə müşavirə iştirakçılarına məlumat verib.

Pilot layihə olaraq, Xırdalan 11 illik musiqi məktəbində “Ableton Live” proqramı əsasında elektron musiqi kurslarının açılması müzakirə olunub. Bütün dünyada geniş yayılan həmin proqram musiqini bəstələmək, aranjiman, redaktə və ifa etməkdə geniş imkanlar yaradır.  Hazırda Ableton şirkətinin təşəbbüsü ilə məktəbli və yeniyetmələrin bu bacarıqa yiyələnmələri üçün bütün dünya üzrə məktəblərdə “Ableton Live” proqramından ödənişsiz istifadə şəraiti yaradılmaqdadır. Azərbaycandan isə ilk müraciət Xırdalan məktəbindən gəlib.

Hazırda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Almaniyanın Goethe İnstitutu tərəfindən həyata keçirilən EU4Culture layihəsi çərçivəsində Xırdalan şəhərinin Mədəni İnkişaf Strategiyası layihəsi tərtib olunmaqdadır. Bu layihənin məramının əyani sübutu olacaq Xırdalanda elektron musiqi kurslarının təşkili məhz şəhərin mədəni mənzərəsinə innovativ ünsürlərin gətirilməsinə, gənclərin yaradıcı sahədə özlərini tapmağa xidmət edəcəkdir.

Tədbir müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, təkliflər dinlənilib, suallar cavablandırılıb.