25.02.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhərinin Tarixi Muzeyi və Mətləb Quliyev adına 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin kiçik elmi işçisi tərəfindən ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırım haqqında, Xocalının qisasının 44 günlük Vətən müharibəsində ölkə rəhbərinin qətiyyəti, müdrik, uzaqgörən siyasəti, müzəffər ordumuzun gücü, sarsılmaz iradəsi sayəsində döyüş meydanında alındığından bəhs edən “Xocalı tarixi yaddaşımızdır” adlı mühazirə təqdim edilib.
Sonra məktəbin müəllimələri çıxış edərək faciə qurbanları haqqında geniş məlumat veriblər.
Daha sonra muzeyin fondlarından tərtib olunan Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən səyyar sərgiyə baxış keçirilib.
Sonda Mətləb Quliyev adına 3 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə bədii kompozisiya nümayiş olunub.