Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölümləri ilə ruhumuzu dirildənlər, ruhlarınız qarşısında baş əyirik!

25.01.2022

Yanvarın 24-ü Xızı rayon Mədəniyyət Mərkəzinin Şorabad qəsəbə Sənətkarlıq evi və Yeni Yaşma kənd klubunun Rəsm kursunun müəllimi Ramin Allahverdiyev və şagird kollektivi, həmçinin Xızı rayon şəhidi Elməddin Hümbət oğlu Cəfərovun anası 2020-ci ildə oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid qəhrəmanımız Arəstə Baxışovanın ailəsini ziyarət ediblər, hər zaman ailəyə maddi və mənəvi yardım etməyə hazır olduqlarını bildiriblər.

Sonra Ümummilli lider Heydər Əliyevin abidəsi, Şəhidlər Xiyabanı və II Fəxri Xiyaban ziyarət edilərək, şəhidlərimizin əziz xatirələri yad edilib.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və şəhid Arəstənin dörd yaşı olanda vəfat edib.

Şəhidimiz 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" fakültəsinə yiyələnib. Onun Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

A.Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!