Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Prezident İlham Əliyevin yubileyinə həsr olunan tədbir keçirilib

21.12.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, AYB Sumqayıt bölməsinin və Xaçmaz Regional Mədəniyyət İdarəsi, Qusar Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Qusar Dövlət Rəsm Qalereyasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yubileyinə həsr olunmuş “Sözlə rəngin harmoniyası sənət mübadiləsi” adlı sərgi tədbir keçirilmişdir.

 

Qusar Dövlət Rəsm Qalereyasının əməkdaşı Cəmilə Hacıyeva qonaqları salamlayaraq sözü tədbirin moderatoru Hafiz Ataxanlıya verdi. 44 günlük vətən müharibəsindəki möhtəşəm qələbəni və Ali Baş Komandanın insanlara bəxş etdiyi misilsiz qürür hissini bir daha vurğulayan moderator canını vətənə fəda etmiş şəhidlərimizin qəhrəmanlığından danışdı, onların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova Müzəffər Ali Baş Komandanın qazandığı zəfəri, gerçəkləşdirdiyi iqtisadi inkişaf səlnaməsini, parlaq rənglərin çeşidli harmoniyasının təcəssümündən danışdı.

 

Yeni Azərbaycan Partiyasının Qusar Rayon təşkilatının sədri David İbramxəlilov müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin idealarının bu gün də Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam və inkişaf etdirildiyini vurğuladı. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin avqustun sonunda Heydər Əliyev fondunun təşəbbüsü ilə Şuşada keçirilmiş Vaqif Poeziya Günlərinin iştirakçısı kimi duyğulu təəssüratlarını bölüşdü və Sumqayıt şairlərinin vətən sevgisi ilə yüklənmiş misralarından nümunələr söylədi. Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elnur Eldarov Ulu Öndər Heydər Əliyevin “Yüksək mədəniyyətə malik olan xalq həm irəli gedəcək, həm yaşayacaq və inkişaf edəcək” kəlamlarını xatırlatdı və bu gün mədəniyyətə, incəsənətə diqqətin artırılmasını, sənət adamlarına dövlət qayğısını xüsusi qeyd etdi.

 

Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova və Sumqayıt rəssamları da öz təəssüratlarını bölüşdülər. Qusar Dövlət Rəsm Qalereyasının direktoru Nərminə Salmanova Ali Baş Komandanın yubileyinə rəssamların töhfəsini ehtiva edən bu lahiyənin Qusarda düzənlənməsindən qürur duyduğunu bildirdi. Tədbir iştirakçıları bir daha Ali Baş Komandanın qarşıdan gələn yubileyi münasibətilə təbriklərini çatdırdılar.

Sonda Zəfərə, Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş sərgiyə baxış keçirildi.