21.12.2021
MAHHXHQ əsgər Elgün Ağayar oğlu Abbaslı 2020-ci il, sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub, yaralıları döyüş meydanından çıxarıb. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elgün Abbaslının içində olduğu maşın 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində ermənilər tərəfindən atəşə tutulub. Qəhrəmanımız yaralanmağına baxmayaraq, geri çəkilməyib, şəhid olmuş komandirinin nəşini ərazidən çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb.
O, Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli olan Elgünün Nəzrin adlı bir qızı ondan yadigar qalıb.
Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksələn Elgünün övladı Nəzrinin doğum günüdür.
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Vurğun adına Mərkəzi kitabxananın və Sumqayıt şəhər Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə şəhid övladının ad günü mərkəzdə keçirilib.
Mərkəzin direktoru və Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə xanım körpə fidanımızı təbrik edərək, birlikdə ad gününü qeyd ediblər.
Tədbirdə şagirdlər tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib. Müğənni Əkbərov Ruslanın ifaları tədbirə rəng qatıb.
Tədbir uşaqlar üçün maraqlı şou proqramlarla davam etdirilib.