02.12.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt Dövlət Rəsm Qalareyasında Vətən Müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyatçısı Nadir İlqar oğlu Rzayevin anadan olmasının 27- ci ildönümünə həsr olunan “Bir şəhidin həyat səhifəsi” adlı xatirə gecəsi keçirilib. Xatirə gecəsində, şəhidin həyat və döyüş yollarını əks etdirən, videoçarx nümayiş olunub.
Öncə qonaqlar şəhərimizin peşəkar rəssamlarının və məktəblilərinin “Zəfər Günü”nə həsr etdikləri 40-a yaxın əsərlər ilə tanış olublar. Sərgidə rəssam Tofiq Əhmədovun, İntiqam Cəfərovun, xalçaçı-rəssam Fazil Abbasquluzadənin, modelyer-rəssam Günel Hüseynovanın və Sumqayıt məktəblilərinin əsərləri böyük maraqla qarşılanıb.
Gecədə, Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdüri Tərlan Hacızadə, yazıçı ssenarist Hafiz Alaxanlı, şəhidin ilk müəllimi, ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Məhəmməd Nadir Rzayev 18 noyabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-2012-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil alıb. Nadir Rzayev 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Nadir Rzayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. N. Rzayev 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Məhəmməd Nadir Rzayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!