27.11.2021
26 noyabr 2021-ci il tarixdə Sumqayıt Dövlət Rəsm Qalereyası və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş “Deyilən söz yadigardır” adlı sərgi keçirilib.
Sərgi Polad Həşimov adına 28 saylı orta məktəbin şagirdi Cəlil Mirzəyevin ifasında ”Sarı tel” aşıq havası ilə açıq elan edilib. 16, 28, 31 saylı məktəbin şagirdləri Dədə Ələsgərin şeirlərini söyləyiblər.
Sərgidə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Pərvin Rəsulov çıxış ediblər.
Çıxışçılar Dədə Ələsgərin Azərbaycan ədəbiyyatında böyük iz buraxdığını və mədəni sərvətlər xəzinəsinə misilsiz töhvələr bəxş etdiyindən söz açıblar.
Sumqayıt məktəblilərinin Dədə Ələsgərin şeirlərinə həsr etdikləri rəsmlər sərgilənib. Məktəblilər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.