16.11.2021
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xızı rayon Komitəsinin əməkdaşları Vətən müharibəsi qəhrəmanı, şəhid Vidadi Fazil oğlu Allahverdiyevin ailəsini ziyarət etmiş, onun anası, həyat yoldaşı və övladları ilə həmsöhbət olmuş, şəhidin həyat və döyüş yolundan bəhs olunmuşdur. Sonra Şəhidin məzarı ziyarət olunmuş, onun ruhuna dualar oxunmuşdur.
Şəhid Vidadi Allahverdiyev 13 mart 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-2004-cü illərdə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə təhsil almış, daha sonra 3 nömrəli peşə litseyində təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra 2007-ci ilin aprel ayının 18-də hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdə olarkən bir sıra naliyyətlər qazanmış, fəxri fərmanlarla təltif edilmişdir. 2008-ci ilin oktyabrında hərbi xidmətini başa vurmuşdur. 2016-cı ildən müddətdən artıq hərbiçi kimi hərbi xidmətə yollanmışdır. Vidadi 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmişdir.
Şəhid Vidadi 28 sentyabr 2020-ci il tarixində 2-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Allahverdiyev Vidadi Fazil oğlu Xızı rayonu Giləzi qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Şəhidimiz ailəli idi, onun Vətənə əmanət 3 övladı qalmışdır.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!