1967-ci ildə fəaliyyətə başlayan Sumqayıt şəhərinin Tarixi Muzeyi 2008-ci ildə əsaslı təmir edilərək sumqayıtlıların ixtiyarına verilmişdir. Hazırda Muzey 14 000-dən artıq muzey əhəmiyyətli əşyanı gələcək nəsillər üçün qoruyur. Ümumi sahəsi 2680 kv.m. olan muzey binasının xüsusi tərtibat verilmiş ekspozisiya, mühazirə, sərgi zalları, kütləvi tədbirlərin keçirilməsi üçün 165 yerlik akt zalı vardır.
Muzeyin ekspozisiyası böyük və kiçik zallarda tərtib olunur.
Birinci mərtəbənin ekspozisiya zalında Heydər Əliyev guşəsi yaradılmışdır ki, burada da Ulu Öndərin büstü, onun Sumqayıt şəhərinə səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu əks olunur.
Ekspozisiya zalında Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi ağac - Sumqayıtın ilk müəssisəsi olan İstilik Elektrik Stansiyasına həsr olunmuş abidə, Qədim İpək Yolunun bir qolu-Sumqayıtın ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət guşə, “Sumqayıt XXI əsrdə” rəngkarlıq əsəri vardır.
İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında məlumatlar, əşyalar, sənədlər və fotoşəkillər əks olunmuşdur.
Həmçinin bu zalda Corat kənd əhlinin yaşam tərzini və Sumqayıt şəhərinin ilk qurucularının məişətini əks etdirən otaq maketlər qurulmuşdur.
Kiçik ekspozisiya zalında Sumqayıt şəhidləri, şəhərin Milli Qəhrəmanları haqqında guşə, şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və rənggarlıq əsərləri əks olumuşdur.
Muzey fondunun materialları ictimai-siyasi xarakterli ümumşəhər tədbirlərində nümayiş olunur. Muzeyin əməkdaşları elmi-kütləvi işlərdə daim fəallıq göstərir, əlamətdar və tarixi günlər, bayramlarla bağlı müxtəlif xarakterli tədbirlər – sərgilər, dəyirmi masalar, mühazirələr təşkil edir. O cümlədən, orta ümumtəhsil məktəblərində səyyar sərgilər keçirilir, muzeyin əməkdaşları tərəfindən tarix dərslərində mühazirələr oxunur, məktəblilərin muzeyə ekskursiyalarını təşkil edirlər.